...

MAA KİTABXANA FONDU HAQQINDA

Milli Aviasiya Akademiyasının kitabxanası 1996-cı ildə istifadəyə verilmişdir. Müasir tələblərə cavab verən Milli Aviasiya Akademiyasının kitabxanası öz fəaliyyətini “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, MAA-nın əmr və sərəncamlarının, kitabxana fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə uyğun şəkildə qurmuşdur.

İstifadəyə verildikdən sonra sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. Fondumuza daxil olan hər bir çap məhsulu elektron kataloqda öz əksini tapmış bütün növ nəşrlərin biblioqrafik təsviri verilmişdir. Ümumilikdə kitabxanamızın fondunda 80 000-dən çox çap vəsaitləri (kitab, jurnal, broşür və s.) 16 000-dən artıq azərbaycan, rus və ingilis dillərində elektron resurs mövcuddur. Akademiyanın kitabxanasının fondu elm-texniki, tədris-metodiki və sorğu ədəbiyyatları ilə komplektləşdirilmişdir. Cari ildə kitabxanada oxucuların sayı 2974 nəfər olmuşdur.

Kitabxananın fonduna hava nəqliyyatının uçuş istismarı, hava nəqliyyatının texniki istismarı, elektronika, telekommunikasiya, radiotexnika, informasiya texnologiyaları və sistemləri, cihazqayırma, ekologiya, hidrometeorologiya, menecment, iqtisadiyyat, hüquqşünaslıq, naviqasiya, aviasiya texnikası, xüsusi avadanlıqları və cihazları, fizika, riyaziyyat, kimya, meteorologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi, hava nəqliyyatının hərəkətinin idarə olunması, avianəqliyyat istehsalatı, humanitar fənlər və bədii ədəbiyyat, xarici dillər və s. sahələr üzrə dərsliklər, dərs vəsaitləri, metodiki göstərişlər, normativ-texniki sənədlər, xəritə və atlaslar və digər sənədlər daxildir.

Milli Aviasiya Akademiyasının kitabxanasında müasir informasiya texnologiyalarının tətbiqi və kompüterləşdirilmiş kitabxana infrastrukturunun yaradılması təmin edilmişdir.
Hal-hazırda Milli Aviasiya Akademiyasının kitabxanası Amerikanın Follet şirkətinin məhsulu olan Destiny Library Manager (KİS) adlı inteqrasiya olunmuş Kitabxana İdarəetmə Sistemi ilə fəaliyyət göstərir.